“Xalq Bank”ın xalis mənfəəti 10 % azalıb
- 15 iyul, 2024
- 07:35
“Xalq Bank” ASC bu ilin I yarısını 34,003 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,3 % azdır.
Yanvar-iyun aylarında “Xalq Bank”ın gəlirləri 111,016 milyon manat (illik müqayisədə 28,2 % çox), xərcləri 68,312 milyon manat (40,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,134 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 7,568 milyon manat (2,1 dəfə çox) təşkil edib.
Bu il iyulun 1-nə “Xalq Bank”ın aktivləri 3 milyard 095 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,8 % çoxdur. Bunun 1 milyard 845,158 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7 % böyüyüb.
Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 9,7 % artaraq 2 milyard 615,907 milyon manata, o cümlədən depozit portfeli 5,4 % artaraq 2 milyard 164,815 milyon manata çatıb, balans kapitalı isə 1,4 % azalaraq 479,094 milyon manata düşüb.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.