Xaçmaz rayon İcra Hakimiyyətində maliyyə nöqsanları aşkarlanıb

Xaçmaz rayon İcra Hakimiyyətində maliyyə nöqsanları aşkarlanıb Yerinə yetirilməyən asfalt-beton işləri qəbul aktlarına daxil edilib
Maliyyə
21 Yanvar , 2016 14:10
Xaçmaz rayon İcra Hakimiyyətində maliyyə nöqsanları aşkarlanıb

Bakı. 21 yanvar. REPORt.AZ/ Hesablama Palatasının növbəti kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Xaçmaz rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş auditinin nəticələri müzakirə olunub.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, Xaçmaz rayon İcra Hakimiyyəti (İH) tərəfindən bir sıra nöqsanlara yol verildiyi aşkar edilib.

Bildirilib ki, xüsusi razılıq (lisenziya) malik olmayan podratçı təşkilatla satınalma müqavilələri bağlanılıb, bir neçə hallarda istismara qəbul edilmiş obyektlərin müvafiq qaydada uçota alınması təmin edilməyib. İH tərəfindən avtomobil yollarının tikintisi üzrə yolun işçi cizgilərində yol geyiminin konstruktiv qalınlığının göstərilmədiyi, yerinə yetirilməyən asfalt-beton işlərinin qəbul aktlarına daxil edildiyi diqqətə çatdırılıb.

Auditor bəzi məktəblərdə sinif otaqlarının istifadəsiz qaldığını, digərlərində isə yeni sinif otaqlarının tikintisinə ehtiyacın yarandığını, bu faktorların isə büdcədən əlavə vəsaitin ayrılmasını zəruri etdiyini bildirməklə qeyd olunanların son nəticəsində investisiya qoyuluşlarından səmərəli istifadə edilməməsi qənaətinə gəlmək imkan verdiyini diqqətə çatdırıb.

Auditor bina və qurğuların tikintisinə sərf edilmiş vəsait xərcə silindiyini, obyektlərin tikintisinə layihə təşkilatları tərəfindən müəllif nəzarəti həyata keçirilmədiyini, əsaslı vəsait qoyuluşların uçotunun Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələbinə uyğun aparılmadığını qeyd edib.

Auditor investisiya təkliflərinin qanunvericiliklə müəyyən edilən qaydada hazırlanmasını, müvafiq sənədlərin dövlət ekspertizasından keçirilməsini, təhsil müəssisələrinin tikintisinin layihə tapşırıqlarının mövcud normativlərinin tələblərinə uyğun tərtib edilməsini, yalnız xüsusi razılıq (lisenziyası) olan podratçılarla müqavilələrin bağlanılmasının təmin edilməsini, layihə təşkilatları tərəfindən müəllif nəzarətinin aparılmasını, sonradan üstü örtülən işlərin və məsul konstruksiyalarının qəbulu, daxili və xarici su, istilik, qaz təchizatı və kanalizasiya sistemlərinin sınaq aktların tərtib edilməsini, istifadə olunan kapital qoyuluşları üzrə Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun maliyyə hesabatlarının tərtib edilməsini, debitor-kreditorların uçotunun aparılmasını məqsədəmüvafiq hesab edib.

Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi də müzakirə edilib, audit dövründə bir sıra məktəblərdə inventar və avadanlıqlar tam quraşdırıldığı, kəndlərarası avtomobil yollarının tikintisi üzrə asfalt-beton işlərinin başa çatdırılması, yeni yaranmış əsas vəsaitlərin müvafiq qaydada uçota alınması və bəzi çatışmamazlıqlar üzrə vəsaitlərin dövlət büdcəsinə bərpası nəzərə alınıb. Kollegiya qərarı səsə qoyularaq qəbul edilib, qərar icra edilməsi məqsədilə Xaçmaz rayon İcra Hakimiyyətinə göndərilib.

Son xəbərlər

Orphus sistemi