Vüqar Gülməmmədov: "Dövlət borcunun ÜDM-ə nisbəti hədəf çərçivəsindədir"

Vüqar Gülməmmədov: "Dövlət borcunun ÜDM-ə nisbəti hədəf çərçivəsindədir" Azərbaycanda aparılan təhlillər büdcə qaydasının digər göstəricisi olan dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hədəf çərçivəsində olduğunu göstərir.
Maliyyə
27 May , 2024 15:50
Vüqar Gülməmmədov: Dövlət borcunun ÜDM-ə nisbəti hədəf çərçivəsindədir
Vüqar Gülməmmədov

Azərbaycanda aparılan təhlillər büdcə qaydasının digər göstəricisi olan dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hədəf çərçivəsində olduğunu göstərir.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Həm proqnoz, həm də 4 aylıq icra göstəriciləri hədəfə nəzərə kifayət qədər əlverişli vəziyyətdədir (müvafiq olaraq 23,4% və 21,3%)", - deyə o qeyd edib.

Bundan başqa, sədr bildirib ki,

2024-cü ilin ilkin büdcə sənədləşməsində neftin qiymətinin 10 ABŞ dolları çox olmaqla hesablanmasının icmal büdcəyə 2,2 milyard manat artırıcı təsir edəcəyi göstərilib. Yenidən baxılan büdcə layihəsində neftin qiymətinin 15 ABŞ dollar artırılmaqla 75 ABŞ dolları hesablanması şəraitində icmal büdcənin gəlirləri üzrə nəzərdə tutulan 4,5 milyard manat artımın (o cümlədən, neft gəlirləri üzrə 2,6 milyard manat) səbəbi barədə məlumatlar “Büdcə zərfi”nə daxil edilməyib;

2024-cü ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim edilən sənədlərdə müvafiq dövlət orqanları makroiqtisadi proqnozlarda (xüsusilə ÜDM) kənarlaşmaları, xam neftin qiymətinin dəyişməsini, inflyasiyanı, dövlət büdcəsinə təmin edilən ödənişlər üzrə imtiyazların genişləndirilməsini, dövlət zəmanəti verilmiş maliyyə öhdəliklərini, iqlim dəyişikliklərini əsas fiskal risklər kimi şərh edib. Büdcə sənədləşməsində həmin risklərin reallaşmasına dair məlumat verilməsə də, apardığımız təhlillər həmin fiskal risklərin cari ilin 5 ayında mənfi təsirlərlə reallaşmadığını göstərib.

2024-cü ilin makrobüdcə parametrləri üzrə proqnozların dəyişdirilməsi fonunda yenidən baxılan dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilən sənədlərdə yenilənən dövlət büdcəsinin hansı fiskal risklərin təsirinə məruz qala biləcəyi göstərilməyib. Dürüstləşmə bəzi risklərin aradan qalxdığının siqnallarını verir.

Qeyd etdyimiz risklərin bəziləri, məsələn, eyni gəlirlərin təkrarən tanınaraq 2-li uçota səbəb olması, başa çatdırılmamış tikililərin dəyərində azalma meylinin olmaması yenilənən layihə üzrə aktual olub.

Yenidən baxılan qanun layihəsində dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş göstəricilərlə müqayisədə 10 mənbə artımla, 2 mənbə azalma ilə proqnozlaşdırılıb, 2 yeni mənbə üzrə daxilolmalar nəzərdə tutulub, digər mənbələr sabit saxlanılıb. Artımın əsas hissəsinin hüquqi şəxslərin mənfəət vergisi, əlavə dəyər vergisi, gömrük rüsumları hesabına təmin olunacağı gözlənilir.

Yenidən baxılan büdcə layihəsində gəlirlər üzrə qeyri neft-qaz sektorunda proqnozlaşdırılan artım müvafiq sektor üzrə ÜDM-in proqnozuna adekvat olmayıb. Bu sektorun əlavə dəyərində artım istiqamətində dəqiqləşmə 600 milyon manat təşkil edir. Qeyri neft-qaz sektoru üzrə gəlirlərin isə 1,6 milyard manat artırılması nəzərdə tutulur. Hətta Azərbaycan Mərkəzi Bankının sərbəst mənfəətindən daxilolmaları, məqsədli büdcə fondunun gəlirləri, Dövlət Gömrük Komitəsi xətti ilə yığılan gəlirlərdəki artım nəzərə alınmasa belə, qeyri-neft ÜDM-in 600 milyon manat artırılması fonunda müvafiq gəlirlədəki 800 milyon manatlıq artımın səbəblərinə dair məlumatlara “Büdcə zərfi”ndə rast gəlinmir.

Cari ilin ötən dövründəki faktiki daxilolmalar, il sonuna gözlənilən makroiqtisadi göstəricilər, habelə yenidən baxılan layihədə xərclər üzrə edilən dəyişikliklərin vergitutma bazasını genişləndirməsi həm vergi orqanları, həm də gömrük orqanları üzrə büdcə gəlirlərinin proqnozlarının yerinə yetirilməsinə münbit şərait formalaşdırmaqdadır. Xatırladım ki, ilkin layihəyə rəyimizdə hər 2 gəlir inzibatçısı üzrə gəlirlərin ümumi icrasında risklərin olmayacağını bildirmişdik.

Büdcədənkənar gəlirlər üzrə eyni daxilolmanın gəlir kimi ikinci dəfə tanınmasına şərait yaradan hallar yenilənən proqnozlarda saxlanılıb. Bu qənaətə büdcədənkənar gəlirlər üzrə dəyişikliyin olmamasından gəlmək mümkündür.

Xərclərdə nəzərdə tutulmuş artımın əsas hissənin müdafiə və milli təhlükəsizlik qabiliyyətinin gücləndirilməsinə, işğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması, dövlət əsaslı vəsait qoyuluşuna yönəldilməsi proqnozlaşdırılır ki, bu da dövlətin prioritet funksiyalarının maliyyə təminatının reallaşdırılmasına dəstək verəcək.

Qanun layihəsinə əsasən dövlət büdcəsi xərclərinin funksional təsnifatın 2 bölməsi istisna olmaqla digər bütün bölmələr üzrə dəyişiklik (bəzilər üzrə cüzi) nəzərdə tutulub.

Aparılan təhlillər yenidən baxılan dövlət büdcəsi layihəsində dövlət borcuna xidmət xərclərinin azaldılan hissəsinin büdcədənkənar dövlət fondu vasitəsilə icra ediləcəyəni deməyə imkan verir.

Bölüşdürülməmiş (bloklanmış) xərclərin bir hissəsi dövlət büdcəsinə yenidən baxılma zamanı azaldılsa da, bəzi yeni istiqamətlər yaradılıb ki, nəticədə bölgüsü icra prosesində bölünən xərclərin payı ümumi büdcədə artmışdır.

2024-cü ilin dövlət büdcəsi layihəsinə Rəydə xərclərin funksional və iqtisadi təsnifatı üzrə müəyyən edilmiş uyğunsuzluqlar da yenidən baxılan layihədə düzəldilməyib.

Son xəbərlər

Orphus sistemi