Vüqar Bayramov: “Növbəti 10 ildə iqtisadiyyatımız daha sürətlə inkişaf edəcək”

Vüqar Bayramov: “Növbəti 10 ildə iqtisadiyyatımız daha sürətlə inkişaf edəcək” “Son 10 ilin iqtisadi yekunları göstərir ki, Azərbaycan Cənubi Qafqazda strateji mövqeyini qorumaqla yanaşı milli iqtisadiyyatın inkişafı ilə bağlı prioritetlərə nail ola bilib”.
Maliyyə
29 İyul , 2021 14:57
Vüqar Bayramov: “Növbəti 10 ildə iqtisadiyyatımız daha sürətlə inkişaf edəcək”
Vüqar Bayramov

“Son 10 ilin iqtisadi yekunları göstərir ki, Azərbaycan Cənubi Qafqazda strateji mövqeyini qorumaqla yanaşı milli iqtisadiyyatın inkişafı ilə bağlı prioritetlərə nail ola bilib”.

Bunu “Report”a açıqlamasında Azərbaycanda son 10 ilin makro iqtisadi göstəricilərini şərh edən millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektorunda ciddi artım müşahidə edilib: “Prioritet hədəflər qeyri-neft sektorunun genişləndirilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması idi. Son on ildə iqtisadiyyatın diversifikasiyası, neftdən asılılığın minimumlaşdırılması əsas hədəflər siyahısında olub. Biz qeyri-neft sektoru və qeyri-neft sənayesində artım tempi müşahidə etmişik. Son 10 ildə qeyri-neft sektoru 1,6 dəfə artaraq ötən ilin yekunlarında 50,8 milyard manata çatıb. Bu o deməkdir ki, ÜDM-in təxminən 68%-i qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft sənayesində də artım tempi olub. Həmin dövrdə qeyri-neft sənayesinin istehsalı 5 milyard manatdan 12 milyard manata qədər yüksəlib. Bu da 2,4 dəfə artım deməkdir".

Deputat aqrar sektorda olan artımı xüsusi qeyd edib: “Qeyri-neft sektorunun digər istiqaməti olan aqrar sektorda da 1,5 dəfə artım qeydə alınıb. Bu da ixracatda və daxili tələbin ödənilməsində qeyri-neft sektorunun payının artmasına səbəb olub. On il əvvəl ümumi ixracatın 7,4 %-i qeyri-neft sektorunun payına düşürdüsə, bu rəqəm 13,7 %-ə qədər yüksəlib. Büdcə gəlirlərinin formalaşmasında da qeyri-neft sektorunun payının artması müşahidə olunub. Belə ki, on il öncə fiskal gəlirlərimiziə qeyri-neft sektorunun payı təxminən 20 % idi. Bu rəqəm 10 ilin yekununda 46 %-ə yüksəlib. Nəticədə fiskal gəlirlərimizdə qeyri-neft sektorunun ümumi gəlirlərimizin yarısını formalaşdırma potensialına malik olduğunu müşahidə edirik”.

V.Bayramovun sözlərinə görə, 10 ilin yekun nəticələri iqtisadiyyatımızda dayanıqlı balans və inkişafın da müşahidə olunduğunu göstərir: “Qeyri-neft sektorunun inkişafı həm də dayanıqlılığın təmin edilməsi baxımından vacibdir. 2021-ci ilin ilk yarım ilinin yekunları da xəbər verir ki, artıq iqtisadi inkişaf qeyri-neft sektorunun hesabına baş verir. Bu ilin birinci yarısında həm neft ÜDM-də, həm neft sənayesində azalma müşahidə edilsə də, qeyri-neft ÜDM-i 5,1 %, qeyri-neft sənayesi isə 16,6 % artıb. Bu, 2 %-lik iqtisadi artımın qeydə alınmasına imkan yaradıb. O baxımdan son on ilin yekunları növbəti dekada üçün 2030-cu ilin qədər olan milli prioritet kontekstində yeni imkanlar yaradır. Beş istiqamət üzrə prioritetlər təsdiq olunub. Həmin prioritetlərin reallaşması üçün də artıq iqtisadi potensial formalaşıb”.

“Son dövrlər beynəxalq maliyyə qurumlarının Azərbaycan iqtisadiyyatı ilə bağlı artım proqnozlarını yüksəltməsi də ondan xəbər verir ki, növbəti on ildə də daha sürətli iqtisadi inkişaf tempi müşahidə edəcəyik. Hətta 2025-ci ilə qədər Azərbaycanda orta illik qitisadi artım tempinin 7 %-ə yüksələcəyi proqnozlaşdırılır. Bu da ondan xəbər verir ki, Azərbaycan yenidən növbəti illərdə sürətli artım mərhələsinə qədəm qoya biləcək", - deyə V.Bayramov bildirib.

Son xəbərlər

Orphus sistemi