“Viator Mikrokredit Azərbaycan” BOKT-un xalis mənfəəti 36% azalıb
- 19 aprel, 2022
- 11:39
“Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 132 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 35,9 % azdır.
Ötən il “Viator Mikrokredit Azərbaycan”ın vergiyəqədərki mənfəəti 192 min manat (əvvəlki ilə nisbətən 44% az), mənfəət vergisi ödəmələri isə 61 min manat (2,25 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Viator Mikrokredit Azərbaycan”ın aktivləri 6,685 milyon manat olub ki, bu da illik müqayisədə 2% azdır. Bunun 6,134 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 2,9 % böyüyüb.
Hesabat dövründə “Viator Mikrokredit Azərbaycan”ın öhdəlikləri 7,8 % azalaraq 2,326 milyon manata düşüb, balans kapitalı isə 1,4 % artaraq 4,36 milyon manata çatıb.
Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır.