Bakı Fond Birjası (BFB) və BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs (The UN Sustainable Stock Exchange Initiative, UNSSE) Qrupu yerli kapital bazarlarında ilkin kütləvi təklif və "yaşıl istiqraz"ın emissiya imkanları, maliyyə savadlılığının artırılması və listinq məsləhət proqramını müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə BFB məlumat yayıb.
Xatırladaq ki, Bakı Fond Birjası 31 mart 2020-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı Fond Birjaları Təşəbbüs qrupuna üzv olaraq qəbul olunub. 2009-cu ildə əsası qoyulmuş Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupunun (Təşəbbüs Qrup) əsas məqsədi qabaqcıl ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin öyrənilməsi və tətbiqi üzrə birjalar üçün mütəşəkkil platforma yaratmaq və müəyyən olunmuş dayanıqlı inkişaf hədəfləri çərçivəsində investisiya və maliyyələşmə prinsiplərini təşviq etməkdir.
Qeyd edək ki, ənənəvi olaraq hər il olduğu kimi Bakı Fond Birjası bu il də BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupunun və Dünya Birjaları Federasiyasnın təşkilatçılığı ilə beynəlxalq qadınlar gününə həsr olunmuş Gender Bərabərliyi üçün Açılış zəngi tədbiri keçirəcəkdir.