"Unicapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti 72 % artıb
- 31 may, 2022
- 14:48
"Unicapital İnvestisiya Şirkəti" ASC 2021-ci ili 897 min manat xalis mənfəətlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 72,2 % çoxdur.
Ötən il "Unicapital"ın vergiyəqədərki mənfəəti 1,119 milyon manat (əvvəlki illə müqayisədə 70,6% çox), mənfəət vergisi ödəmələri isə 221 min manat (63,7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Unicapital"ın aktivləri 10,296 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21% azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 24,1 % azalaraq 8,416 milyon manata, balans kapitalı isə 3,6 % azalaraq 1,880 milyon manata düşüb.
Xatırladaq ki, "Unicapital" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin təsisçisi 100% "Unibank" ASC-dir.