"Unibank" nizamnamə kapitalını növbəti dəfə artıracaq
- 28 oktyabr, 2022
- 14:06
Yeniliklərdən dərhal xəbərdar olun!
"Unibank" ASC bu ilin sonuna qədər nizamnamə kapitalını növbəti dəfə artıracaq.
Bu barədə "Report"a Bankdan bildirilib.
Xatırladaq ki, bu ilin iyul-avqust aylarında "Unibank" nizamnamə kapitalını 11,9 milyon manat və yaxud 9,1 % artıraraq 130,686 milyon manatdan 142,586 milyon manata çatdırıb.
"Növbəti kapitallaşma hesabına Bankın nizamnamə kapitalında bu il ümumilikdə 29 milyon manatdan çox artım olacaq. Proses əlavə səhm buraxılışı, eləcə də subordinasiya borcunun cəlb olunması yolu ilə həyata keçiriləcək", - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Bankın səhmlərinin 86,7 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,3 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.