"Unibank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 12 oktyabr, 2023
  • 13:34
Unibank maliyyə vəziyyətini açıqlayıb

“Unibank” ASC bu ilin yanvar-sentyabr aylarını 21,907 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 577 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində “Unibank”ın gəlirləri 232,651 milyon manat (illik müqayisədə 42,9 % çox), xərcləri 178,776 milyon manat (23,4 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 31,968 milyon manat (72,2 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Unibank”ın aktivləri 1 milyard 527,811 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,8 % çoxdur. Bunun 979,816 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 21,7 % böyüyüb.

Hesabat dövründə “Unibank”ın öhdəlikləri 15,6 % artaraq 1 milyard 390,882 milyon manata, o cümlədən depozit portfeli 31,4 % artaraq 1 milyard 124,205 milyon manata, balans kapitalı isə 17,9 % artaraq 136,929 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,8 % artaraq 149,386 milyon manata çatıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

44 filmi