"Unibank"ın mənfəəti azalıb

Maliyyə
  • 27 yanvar, 2022
  • 06:11
Unibankın mənfəəti azalıb

“Unibank” ASC 2021-ci ili 4,688 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank 2020-ci ildən 11,021 milyon manat xalis mənfəətlə çıxmışdı.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Unibank”ın gəlirləri 161,072 milyon manat (əvvəlki illə müqayisədə 35,9% çox), xərcləri 139,467 milyon manat (41,6% çox), xüsusi ehtiyatlara ayırmaları 16,918 milyon manat (90,7% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Unibank”ın aktivləri 1 038,663 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 27,3% çoxdur. Bunun 656,897 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 37,4% böyüyüb.

Hesabat dövründə “Unibank”ın öhdəlikləri 30% artaraq 934,867 milyon manata, o cümlədən depozit portfeli 34,7% artaraq 703,536 milyon manata, balans kapitalı isə 7,3% artaraq 103,796 milyon manata, o cümlədən nizamnamə kapitalı 4% artaraq 130,686 milyon manata çatıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.