"Unibank"ın mənfəəti 64% azalıb

Maliyyə
  • 25 oktyabr, 2021
  • 14:19
Unibankın mənfəəti 64% azalıb

“Unibank” ASC bu ilin yanvar-sentyabr aylarını 4,01 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 64,3% azdır.

9 ay ərzində “Unibank”ın gəlirləri 115,98 milyon manat (illik müqayisədə 36,5% çox), xərcləri 98,136 milyon manat (36,6% çox), xüsusi ehtiyatlara ayırmaları 13,834 milyon manat (7,3 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Unibank”ın aktivləri 960,802 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 27,6% çoxdur. Bunun 636,007 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 41% böyüyüb.

Hesabat dövründə “Unibank”ın öhdəlikləri 31,5% artaraq 862,994 milyon manata, o cümlədən depozit portfeli 38,5% artaraq 656,467 milyon manata, balans kapitalı isə 1,2% artaraq 97,808 milyon manata çatıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.