“Unibank” ASC bu ilin yanvar-sentyabr aylarını 11,248 milyon manat mənfəətlə başa vurub.
“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 47,4% və yaxud 1,9 dəfə azdır.
9 ay ərzində “Unibank”ın gəlirləri 84,991 milyon manat (illik müqayisədə 31,9% az), xərcləri 71,857 milyon manat (3,3% çox), xüsusi ehtiyatlara ayırmaları 1,886 milyon manat (94,4% və yaxud 18 dəfə az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Unibank”ın aktivləri 752,814 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1% çoxdur. Bunun 451,193 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 67,8% böyüyüb.
Hesabat dövründə “Unibank”ın öhdəlikləri 0,2% azalaraq 656,205 milyon manata, o cümlədən depozit portfeli 7% azalaraq 474,119 milyon manata düşüb, balans kapitalı isə 9,8% artaraq 96,61 milyon manata çatıb.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.