"Unibank" I rübü mənfəətlə başa vurub
- 25 aprel, 2023
- 13:51
“Unibank” ASC bu ilin I rübünü 4,29 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 4,143 milyon manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, yanvar-mart aylarında “Unibank”ın gəlirləri 74,789 milyon manat (illik müqayisədə 56 % çox), xərcləri 59,088 milyon manat (34,9 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 11,41 milyon manat (38 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə “Unibank”ın aktivləri 1 446,168 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 34,6 % çoxdur. Bunun 879,805 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 26,5 % böyüyüb.
Hesabat dövründə “Unibank”ın öhdəlikləri 36,3 % artaraq 1 328,307 milyon manata, o cümlədən depozit portfeli 40 % artaraq 1 001,258 milyon manata, balans kapitalı isə 17,4 % artaraq 117,861 milyon manata, o cümlədən nizamnamə kapitalı 14,3 % artaraq 149,4 milyon manata çatıb.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Bankın səhmlərinin 87 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.