UBS iqtisadiyyatın COVID-19-dan əvvəlki səviyyəyə qayıdacağı vaxtı açıqlayıb

UBS iqtisadiyyatın COVID-19-dan əvvəlki səviyyəyə qayıdacağı vaxtı açıqlayıb Dünya iqtisadiyyatı və korporativ gəlirlər 2021-ci ilin sonuna qədər koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatacaq.
Maliyyə
25 Noyabr , 2020 13:21
UBS iqtisadiyyatın COVID-19-dan əvvəlki səviyyəyə qayıdacağı vaxtı açıqlayıb

Dünya iqtisadiyyatı və korporativ gəlirlər 2021-ci ilin sonuna qədər koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatacaq.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “UBS Global Wealth Management”in illik proqnozunda deyilir.

Eyni zamanda inkişaf etmiş ölkələrin ÜDM-i 2022-ci ilə qədər COVID-dən əvvəlki səviyyəyə qayıdacaq.

UBS əsas ssenaridə koronavirusa qarşı effektiv peyvəndin gələn ilin ikinci rübündə kütləvi şəkildə satışa təqdim ediləcəyini ehtimal edir.

UBS həmçinin mərkəzi bankların faiz dərəcələrini aşağı səviyyədə saxlayacağını, ABŞ hökumətinin isə 500 milyard - 1 trilyon dollar aralığında yeni büdcə stimulu paketi qəbul edəcəyini və vergiləri artırmayacağını əsas kimi götürür.

İlkin ssenarinin həyata keçirilməsinə ABŞ-dakı prezident seçkilərində qələbəsi təsdiqlənərsə, Co Baydenin Çinə münasibətdə siyasəti də kömək etməlidir. Hərçənd ABŞ və Çin arasındakı münasibətlərin uzunmüddətli problem olaraq qalacağı qeyd olunur.

“2021-ci ilin bərpa ili olacağını hesab edirik. Artımın bərpası, fiskal və monetar siyasətin genişləndirilməsi və yeni siyasi liderlik fonunda 2021-ci ildə yeni bazar liderlərini də görə bilərik”, - UBS-nin Rifah İdarəsinin investisiyalar üzrə direktoru Mark Hefele söyləyib.

Uzunmüddətli perspektivləri şərh edən M.Hefele qarşıdakı on ilin müxtəlif sahələrdə status-kvoya meydan oxuyan “yeniliklər”ə investisiya qoyuluşu dövrü olacağını qeyd edib.

UBS qeyd edir ki, investorlar COVID-19 pandemiyasının sürətləndirdiyi tendensiyalarda, o cümlədən səhiyyə sistemlərinin effektivliyinin artırılması və maliyyə sistemlərinin bundan sonra daha da rəqəmsallaşdırılması sahəsində uzunmüddətli imkanlar tapa bilərlər. Analitiklərin hesablamalarına görə, təkcə 5G şəbəkələrinə keçid 2035-ci ilədək 13,5 trilyon ABŞ dolları həcmində əlavə dəyər yaradacaq.

Son xəbərlər

Orphus sistemi