Türkiyə bankı Azərbaycanla bağlı gələcək planlarını açıqlayıb
- 29 oktyabr, 2022
- 11:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin dövlətə məxsus "Zıraat Bank"ının Azərbaycandakı törəməsi ölkənin ən böyük 10 bankından biri olmağı hədəfləyir.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu "Zıraat Bank Azərbaycan"ın İdarə Heyətinin sədri Səlcuq Dəmir bildirib.
Onun sözlərinə görə, artıq Bankın Bakıda 5, regionlarda isə 2 filialı var və bu say getdikcə artacaq.
"2025-ci ilin sonuna qədər həm paytaxtda, həm də bölgələrdə yeni filiallarımız xidmət şəbəkəmizə daxil ediləcək. Həm filiallarımızın sayını artıracağıq, həm də rəqəmsal bankçılıq üçün hər cür təşəbbüslər göstərəcəyik. Daha çox korporativ və kommersiya bankçılığına fokuslanmışıq, inkişaf strategiyamız çərçivəsində Azərbaycanda biznes quran, ölkə iqtisadiyyatına töhfə verən şirkətlərin həm cari fəaliyyətini, həm də gələcək layihələrini dəstəkləməyə çalışırıq’’, - deyə S.Dəmir qeyd edib.
"Zıraat Bank"ın daxil olduğu ‘‘Ziraat Finance Group’’un 17 ölkəni əhatə edən şəbəkəyə malik olduğunu deyən bankir azərbaycanlı iş adamlarına geniş imkanlar yarada biləcəklərini vurğulayıb: "Türkiyə və Azərbaycan arasında ticarət əlaqələrini gücləndirmək, müştərilərimizə hər cür dəstək vermək üçün əlimizdən gələni edirik. Beynəlxalq şərtlərə uyğunlaşmaq üçün texnologiyaları inkişaf etdirir, rəqəmsal bankçılıq məhsullarını genişləndirir, müştərilərə sürətli və keyfiyyətli xidmət göstərməyə çalışırıq. Artıq xidmətimizin keyfiyyətimizdən çox razı olan auditoriya formalaşıb. Bu inkişafla Azərbaycandakı mühüm banklarından birinə çevrilmişik. Qarşıdakı dövrdə də məqsədimiz Azərbaycanın ilk 10 bankından biri olmaqdır. 2021-ci ildə Azərbaycanda ən yaxşı xarici ticarət xidmətini təklif edən bank olaraq mükafatlandırılmışıq. ‘‘Ziraat Bank’ Azərbaycan"ın rəqəmsal xarici ticarət platformasını yaradırıq. Son bir ildə etdiyimiz kommersiya əməliyyatları iki ölkə arasındakı ticarət rəqəmlərinə müsbət təsir edib və biz bu sürətlə davam edəcəyik".
Onun sözlərinə görə, hazırda "Zıraat Bank Azərbaycan"da 150 nəfər işləyir və onların bir çoxu həm Azərbaycanda, həm də Türkiyədə təlim keçib.