"Turan Bank" maliyyə vəziyyətini açıqlayıb
- 18 oktyabr, 2024
- 18:08
Yeniliklərdən dərhal xəbərdar olun!
“Turan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 1,665 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 11,952 milyon manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, 9 ay ərzində “Turan Bank”ın gəlirləri 81,419 milyon manat (illik müqayisədə 20,4 % çox), xərcləri 64,103 milyon manat (23,3 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 15,65 milyon manat (24 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Turan Bank”ın aktivləri 851,593 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,1 % çoxdur. Bunun 618,381 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,8 % böyüyüb.
Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 0,6 % azalaraq 750,607 milyon manat, o cümlədən depozit portfeli 0,1 % artaraq 436,923 milyon manat, balans kapitalı isə 28,9 % artaraq 100,985 milyon manat, o cümlədən nizamnamə kapitalı 25 % artaraq 100,006 milyon manat olub.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmləri 20 fiziki və 8 hüquqi şəxsə məxsusdur.