"Turan Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 15 yanvar, 2025
  • 13:39
Turan Bank maliyyə vəziyyətini açıqlayıb

“Turan Bank” ASC 2024-cü ili 2,496 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank 2023-cü ildən 9,888 milyon manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Turan Bank”ın gəlirləri 110,69 milyon manat (illik müqayisədə 20,4 % çox), xərcləri 86,343 milyon manat (7,3 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 21,851 milyon manat (2,2 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Turan Bank”ın aktivləri 849,827 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,3 % çoxdur. Bunun 617,508 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,3 % böyüyüb.

Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 0,8 % artaraq 747,865 milyon manat, o cümlədən depozit portfeli 0,6 % artaraq 461,476 milyon manat, balans kapitalı isə 26,4 % artaraq 101,961 milyon manat, o cümlədən nizamnamə kapitalı 25 % artaraq 100,006 milyon manat olub.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmləri 20 fiziki və 8 hüquqi şəxsə məxsusdur.