Təhsil kreditləri iqtisadi inkişafı sürətləndirəcək

Təhsil kreditləri iqtisadi inkişafı sürətləndirəcək Qarşıdakı 10 illikdə ölkəmizin dayanıqlı iqtisadi inkişafının əsas drayveri kimi insan kapitalını müəyyənləşdirilib
Maliyyə
18 İyun , 2021 16:31
Təhsil kreditləri iqtisadi inkişafı sürətləndirəcək

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərmanı təhsilin əlçatanlığının təmin edilməsi üçün atılmış ən mühüm addımdır. Müasir dövrdə ölkədə səmərəli və dayanıqlı iqtisadi inkişafın təminatçısı olan təhsil sisteminin maliyyələşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu prizmadan yeni yaradılan Fond təhsilin maliyyələşdirməsinin ən yeni mexanizmlərindən biri kimi çıxış etməklə təhsil almaq istəyənlər üçün bərabər imkanlar təqdim edəcək".

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki, iqtisad üzrə fəlsəfə doktoru Günay Quliyeva qeyd edib.

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin «Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir…» fikri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Cənab Prezident bununla qarşıdakı 10 illikdə ölkəmizin dayanıqlı iqtisadi inkişafının əsas drayveri kimi insan kapitalını müəyyənləşdirib.

Dünya Bankı tərəfindən hazırlanmış Millətlərin sərvətlərinin dəyişməsi (The Changing Wealth of Nations 2020) adlı hesabatda insan kapitalının qlobal sərvətlərin 64 %-ini, yüksək gəlirli ölkələrin sərvətlərinin 70 %-ini, aşağı gəlirli ölkələrin sərvətlərinin isə 41 %-ini təşkil etdiyi göstərilir. Azərbaycanda da bu payın növbəti 10 ildə artırılması əsas prioritetlərdəndir.

Dünyada 4-cü Sənaye İnqilabının yaratdığı yeni növ rəqabətə hazır olmaq və dayanıqlı iqtisadi inkişafı təmin etmək üçün hər bir ölkə yüksək rəqabətli insan kapitalını formalaşdırmalıdır. Bunun üçün müasir və ömürboyu təhsil və innovasiyaları təşviq edən ekosistem əsas şərtdir. Hələ illər öncə dövlət başçımız «Qara qızılı insan kapitalına çevirək» şüarıyla iqtisadi inkişafımızın ən əsas hərəkətverici qüvvəsi olan insana verilən dəyəri ifadə edib.

Təhsil Tələbə Krediti Fondu isə öz növbəsində təhsil almaq arzusunda olan həssas və az təminatlı ailələrdən gələn və digər dövlət təhsil maliyyələşdirmə mexanizmlərindən yararlana bilməyən bütün gənclər üçün yeni bir resurs mənbəyi olacaq. Qeyd edək ki, Azərbaycanda ali təhsilin 50 %-ə yaxını dövlət tərəfindən maliyyələşdirilir. Yeni Fond təhsil almaq istəyənlər üçün mövcud dövlət maliyyələşmə mexanizmlərini əvəz etmir, əksinə əlavə imkanlar açır.

Beynəlxalq təcrübədə inkişaf etmiş ölkələrdə təhsil maliyyələşdirilməsində tələbə təhsil kredit fondları bu və ya digər adda geniş tətbiq olunur. Məsələn Amerika Birləşmiş Ştatlarında aşağı gəlirli əhali qrupunun təhsil ala bilməsi üçün ABŞ Təhsil Departamentinin nəzdində Federal Tələbə Yardımı (Federal Student Aid) Ofisi fəaliyyət göstərir. Bu ofis tərəfindən grant, işlə-oxu, tələbə təqaüdləri, aşağı faizli uzunmüddətli kreditlər kimi müxtəlif formalarda təhsilin kreditləşməsi həyata keçirilir. Maraqlı faktlardan biri də budur ki, Federal Tələbə Yardımı Ofisinin əsas şüarı “Sən Amerikanın ən ağıllı investisiyasısan”dır. Bununla ABŞ insan kapitalını iqtisadi inkişafın əsas investisiyası kimi müəyyənləşdirib", - deyə qeyd edib.

Son xəbərlər

Orphus sistemi