“TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 390 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 57,3% çoxdur.
Ötən il “TBC Kredit”in vergiyəqədərki mənfəəti 378 min manat (əvvəlki ilə nisbətən 27,7% çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 12 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə “TBC Kredit”in aktivləri 12,8 milyon manat olub ki, bu da illik müqayisədə 20,1% azdır. Bunun 11,049 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 11,6% kiçilib.
Hesabat dövründə “TBC Kredit”in öhdəlikləri 42,6% azalaraq 4,87 milyon manata düşüb, balans kapitalı isə 5,2% artaraq 7,948 milyon manata çatıb.
Xatırladaq ki, “TBC Kredit” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,453 milyon manatdır. BOKT-un təsisçisi 100% Gürcüstanın “TBC Bank”ıdır.