Ötən il pandemiyaya qarşı iqtisadi tədbirlər paketi çərçivəsində maliyyə dəstəyinin 133 mindən çox vergi ödəyicisini əhatə etməsi sahibkarlar üçün mühüm dəstək olub.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hökumətin özəl sektorun proaktiv roluna əsaslanan iqtisadi artım modeli çox vacib addımdır, dövlətin rolunun artırıcı deyil, dəstəkləyici olacağını təqdir edirik: “Eyni zamanda, özəl investisiyaların təşviq edilməsi, investisiya cəlb edilməsində vahid pəncərə və agentlərin rolundan istifadə edilməsini faydalı hesab edirik. Əlavə olaraq emal sənayesinin və sənayedə bir-birini tamamlayan həlqələrin yaradılması üçün daha sürətli qərarlara və yeni yanaşmalara ehtiyac yarandığını da xüsusi vurğulamaq istərdim”.
T. Mirkişili həmçinin qeyd edib ki, ötən il büdcə xərclərinin ümumilikdə 96,1 % icra olunmasını qənaətbəxş hesab edilsə də, icra zamanı ayrı-ayrı dövlət orqanları tərəfindən keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması vacibdir.
"2021-ci il üçün dövlət büdcəsi gəlirlərinin, o cümlədən yerli gəlirlərin proqnozdan artıq icra olunması müsbət haldır: “Bütün funksional təsnifat üzrə vəsaitlərə qənaət etməyin vacibliyini vurğulamaqla yanaşı, qeyd etmək istərdim ki, müasir iqtisadiyyatda qənaəti paylayıcı funksiya yerinə yetirir və o xərclərin azaldılmasından daha çox seçimlərin dəyişdirilməsindən ibarət olur”, - millət vəkili deyib.