Aparılan müzakirələr və təhlillər 2023-cü iln dövlət büdcəsinin icrasının qarşıya qoyulan hədəflərə nail olunduğunu deməyə imkan verir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında - "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Eyni zamanda, təqdim olunmuş sənədləri müzakirə edərkən, bu qənaətə gəlirik ki, büdcə gəlir və xərclərinin daha dəqiq planlaşdırılması və daha effektiv icrası üçün mövcud qanunvericilik bazasının təkmilləşməsinə və ya yeni, daha çevik büdcə alətlərinin yaradılmasına, maliyyə intizamının daha da gücləndirilməsinə, büdcə təşkilatlarının planlaşdırma və hesabatlıılıq davranışlarının təkmilləşdirilməsinə və bu məqsədlərə xidmət edən texniki həllərin tətbiqinə ehtiyac vardır. Xüsusilə də, büdcə xərclərinin icrasının səmərlilik və nəticəlilik əsasında qiymətləndirlməsi, gəlirlərinin isə potensiala daha yaxın planlaşdırılması üçün daha çevik və yeni yanaşmalara ehtiyac vardır. Dövlət büdcəsinin icrası prossesində müşahidə olunan faktlar bu qənaəti daha da gücləndirir", - deyə o qeyd edib.
"Sədrlik etdiyim komitə hesab edir ki, 2023-ci il üçün dövlət büdcəsinin icrası möhtərəm Prezident İlham Əliyevin müəyyən etdiyi əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin icrası, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, iqtisadi subyektlərin dəstəklənməsi, müdafiə və təhükəsizlik tədbirlərinin görülməsi üçün lazımi maliyyə təminatı yaradıb və öz müsbət rolunu oynayıb. Qanun layihəsinə komitənin rəyi müsbətdir. Bunları nəzərə alaraq, dövlət başçısının təqdim etdiyi "2023-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini dəstəkləməyinizi xahiş edirəm", - deyə sədr əlavə edib.