Tahir Mirkişili : "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsi fərqli formada aparılır"
- 17 iyun, 2022
- 08:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, sənədi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Komitə sədri deyib ki, ötən ilin büdcəsinin gəlirləri və xərcləri ilə bağlı əsas parametrləri və göstəriciləri ilə bağlı birinci oxunuşda kifayət qədər geniş məlumat verilib.
Xatırladıb ki, 2021-ci ilin dövlət büdcəsinin gəlirləri proqnozdan 969 milyon manat artıq, xərcləri isə 1 milyard 120 milyon manat qənaətlə yerinə yetirilib, ÜDM 5,6 % artıb. O, büdcənin icrasının müzakirələrinin ikinci oxunuşun tələblərinə uyğun olaraq bir qədər fərqli formada və detallı təşkil edildiyini, büdcənin ortamüddətli xərclər çərçivəsində və nəticə əsaslı büdcə olaraq daha geniş şəkildə nəzərdən keçiriləcəyini diqqətə çatdırıb.
Daha sonra qanun layihəsi barədə deputatlar çıxış ediblər.
Qeyd edək ki, hesabat ilində dövlət büdcəsinin mədaxili 26 milyard 396 milyon manat olmaqla, proqnoza qarşı 3,8 % artıq icra edilib. Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 12 milyard 860 milyon manat və proqnozdan 10,4 % çox icra olunub.
2021-ci ilin dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 96,1 % və yaxud 27 milyard 422 milyon manat səviyyəsində icra edilib.
Ötən ilin icmal büdcəsinin gəlirləri 23 miyalrd 828 milyon manat proqnoza qarşı 33 milyard 904 milyon manat icra olunub. İcmal büdcənin xərcləri isə 29 milyard 991 milyon manat səviyyəsində icra olunub.