Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sahəsində milli prioritet kimi seçilmiş 119 göstərici üzrə məlumatların mənbəyi və onların hazır olma müddəti müəyyənləşdirilib, rəsmi statistikada mövcud olmayan göstəricilər üzrə məlumatların aidiyyatı dövlət orqanları ilə birgə əldə edilməsi üçün müəyyən işlər görülüb, DİM statistikanın təşkili ilə bağlı digər tədbirlər həyata keçirilib.
"Report" xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
"Bütün bunların nəticəsində bu ilin əvvəlinə olan vəziyyətə görə, qlobal göstəricilər sistemində nəzərdə tutulmuş 248 göstəricidən 112-si, o cümlədən milli prioritet kimi müəyyənləşdirilmiş 119 göstəricidən 86-sı, yəni 72 %-i üzrə məlumatların toplanılmasına nail olunub. 2018-ci ildən başlayaraq hər il DİM statistik icmal adlı məcmuənin nəşr edilməsi, 2019-cu ildə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi ilə birgə DİM-ə nail olma vəziyyətinin monitorinqi və geniş istifadəçi auditoriyasının məlumatlandırılması məqsədilə Azərbaycanın DİM üzrə milli məlumatlandırma portalının yaradılması, DİM göstəriciləri ilə bağlı metodoloji bazanın Azərbaycan dilində formalaşdırılması məqsədilə zəruri tərcümə işlərinin aparılması, DİM göstəriciləri üzrə məlumatların beynəxalq məlumatlar strukturuna uyğun formatda hazırlanması, portalda yerləşdirilməsi və digər tədbirlər DİM statistikası sahəsində statistik potensialın artırılmasında mühüm rol oynayıb", - deyə T. Budaqov əlavə edib.
Onun sözlərinə görə, hazırda 112 qlobal DİM göstəricisindən 81-i üzrə məlumatları Dövlət Statistika Komitəsi, qalan 31-i üzrə məlumatları isə digər dövlət qurumları hazırlayır.
O bildirib ki, bu məlumatlar Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Kənd Təsərrüfatı, Fövqaladə Hallar, Ədliyyə, Daxili İşlər, Xarici İşlər, Səhiyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Baş Prokurorluq və digər dövlət qurumları tərəfindən hazırlanıb Dövlət Statistika Komitəsinə təqdim edilir:
"Bir məsələni də qeyd edim ki, DİM göstəriciləri üzrə məlumat istehsalında əsasən ənənəvi məlumat mənbələrindən istifadə olunsa da, hazırda beynəlxalq aləmdə məlumatların alternativ mənbələr əsasında toplanılması praktikası getdikcə genişlənir və inkişaf etmiş bir çox ölkələrdə bəzi DİM göstəricilərinin monitorinqində peyk məlumatlarından istifadə edilir. Son 2 ildə ölkəmizdə də belə təcrübə tətbiq edilib. 2021-ci ildə "Azərkosmos"la apardığımız işlər nəticəsində 15.4.2-ci dayanıqlı inkişaf məqsədi, yəni dağların bitki örtüyü indeksi üzrə məlumatların bu yolla əldə olunması təmin edilib".