Suveren Fondların Beynəlxalq Forumunun növbəti iclası Madriddə keçiriləcək

Suveren Fondların Beynəlxalq Forumunun növbəti iclası Madriddə keçiriləcək Hazırda Bakıda 14-cü iclası keçirilən Suveren Fondların Beynəlxalq Forumunun növbəti - 15-ci iclası gələn il İspaniyanın paytaxtı Madriddə keçiriləcək.
Maliyyə
15 Noyabr , 2022 16:17
Suveren Fondların Beynəlxalq Forumunun növbəti iclası Madriddə keçiriləcək

Hazırda Bakıda 14-cü iclası keçirilən Suveren Fondların Beynəlxalq Forumunun növbəti - 15-ci iclası gələn il İspaniyanın paytaxtı Madriddə keçiriləcək.

Bunu "Report"a açıqlamasında Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müşaviri Bəhruz Bəhramov bildirib.

"Təmsil etdiyim qurum bu forumun fəaliyyət göstərməsində çox aktiv iştirak edib. Forumun yaradılmasında əsas məqsəd vahid standartlarının formalaşması idi. Bu standartlar Santyaqo prinsipləri adı altında artıq uzun müddətdir ki, mövcuddur. ARDNF bu standartlarla uyğunluğunu işində əks etdirir, onları hər dəfə illik hesabatında göstərən suveren fondlarındandır”, - o qeyd edib.

ARDNF rəsmisinin sözlərinə görə, bugünki iclasda foruma üzv ölkələrin qlobal makrotrendləri investisiya siyasətlərində necə əks etdirmələri barədə müzakirələr aparılıb.

“Forumun tərəfdaş şirkətlərlə birlikdə dünyada baş verən iqlim, sosial və idarəetmə dəyişikliklərinin investisiya siyasətində necə əks olunması ilə bağlı açıqlaması olacaq”, - B.Bəhramov deyib.

Xatırladaq ki, SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 5-6 aprel 2009-cu il tarixində Küveytin paytaxtı Əl-Küveytdə keçirilmiş iclasında yaradılıb və ilk rəsmi yığıncağını həmin il oktyabrın 8-9-da Bakıda keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq, Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

Vahid fəaliyyət standartlarının müəyyən edilməsi və təşviqi məqsədilə yaradılmış, 6 trilyon ABŞ dollarından artıq vəsaiti idarə edən, 32 ölkəni təmsil edən, 37 tam üzv və 9 üzv olmayan tərəfdaş suveren fondları birləşdirən SFBF–nin təsis olunmasında ARDNF ilkin təşəbbüskar kimi çıxış edib və Forumun ilk üzvlərindən biri olub.

Son xəbərlər

Orphus sistemi