Sosial Tədqiqatlar Mərkəzi maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 28 noyabr, 2024
  • 09:22
Sosial Tədqiqatlar Mərkəzi maliyyə vəziyyətini açıqlayıb

Sosial Tədqiqatlar Mərkəzi (STM) ötən ili 204 min manat zərərlə başa vurub.

"Report" Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 3,1 dəfə azdır.

Ötən il STM-in gəlirləri 2,165 milyon manat (əvvəlki ilə nisbətən 17,3 % çox), istifadə etdiyi material ehtiyatlarının dəyəri 233 min manat (29,6% az), əmək haqqı xərcləri 1,315 milyon manat (9,1 % çox), amortizasiya xərcləri 157 min manat (10,6 % çox), digər əməliyyat xərcləri 665 min manat (16,4 % az) təşkil edib.

Bu il yanvarın 1-nə STM-in aktivləri 4,247 milyon manat olub ki, bu da illik müqayisədə 4,5 % azdır. Hesabat dövrünə Mərkəzin 4,6 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 4,6 % azalaraq 4,242 milyon manata enib.

Xatırladaq ki, STM 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,28 milyon manat təşkil edir. Mərkəz ölkədə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.