Sığorta şirkətləri icarəyə verilən avtomobili KASKO sığortası edirmi?

Sığorta şirkətləri icarəyə verilən avtomobili KASKO sığortası edirmi? “Azərbaycanda avtomobillərini hər hansı hüquqi və ya fiziki şəxsə icarəyə vermək istəyən vətəndaşlar onu avtonəqliyyat vasitələrinin könüllü sığortasını (KASKO) etmək istədikdə müəyyən problemlərlə qarşılaşdıqlarını bildirir”.
Maliyyə
128
2 Dekabr , 2021 15:30
Sığorta şirkətləri icarəyə verilən avtomobili KASKO sığortası edirmi?

“Azərbaycanda avtomobillərini hər hansı hüquqi və ya fiziki şəxsə icarəyə vermək istəyən vətəndaşlar onu avtonəqliyyat vasitələrinin könüllü sığortasını (KASKO) etmək istədikdə müəyyən problemlərlə qarşılaşdıqlarını bildirir”.

Bu barədə “Report”a sığorta bazarı üzrə ekspert İlkin İbrahimov deyib.

Ekspert qeyd edib ki, sığorta şirkətləri icarəyə verilən avtomobillərin könüllü sığortası zamanı sərt qaydalar tətbiq edir:

"Sığorta şirkətləri də qeyd edir ki, bizim riskimiz daha çox olduğundan biz onların sığorta haqlarını daha yüksək edirik"

İlkin İbrahimov

Sığorta bazarı üzrə ekspert İlkin İbrahimov

“Sığorta fəaliyyyəti haqqında qanuna görə, sığorta şirkətləri həm icbari, həm də könüllü sığorta ilə bağlı xidmət göstərə bilirlər. İcbari sığrota üçün şirkətlər lisenziya almalıdır. Könüllü sığortada isə belə bir qayda yoxdur. KASKO sığortası şirkətlər üçün daha vacib əhəmiyyət kəsb edir, çünki onlar burda öz qaydalarını müəyyən edirlər. Amma bu qaydalarda da tam müstəqillik yoxdur. Mərkəzi Bankın könüllü sığortalar haqqında qaydaları var. Proseslər bu qaydalar çərçivəsində tənzimlənməlidir. KASKO sığorta ölkəmizdə daha az hallarda istifadə edilir, çünki sığorta şirkətləri burda daha sərt qaydalar tətbiq edir. Məsələn, sığortalanma zamanı risk amilini nəzərə alaraq sığorta haqqını daha yüksək edirlər”.

İ.İbrahimovun sözlərinə görə, sığorta şirkətləri kirayə verilən avtomobillərin KASKO sığortası zamanı avtomobilinin dəyərinin 12 %-i həddində belə sığorta haqqı tələb edirlər:

“Vətəndaşların şikayətlərinə görə deyə bilərik ki, kirayə verilən avtomobillər üzrə sığorta şirkətləri könüllü sığorta yazmaqdan ya imtina edir ya da o qədər yüksək sığorta haqqı tələb edirlər ki, müştərilər bundan boyun qaçırır. Bu, hər iki tərəf üçün normal haldır. Çünki vətəndaş özü bilir ki, kirayə verdiyi avtomobil nə vaxtsa vurulacaq və ya onun başqa problemləri çıxacaq. Sığorta şirkətləri də qeyd edir ki, bizim riskimiz daha çox olduğundan biz onların sığorta haqlarını daha yüksək edirik. Amma icarəyə verilən avtomobilləri KASKO sığorta etməkdən tamamilə imtina halları demək olar ki, yoxdur.

Adi halda avtomobilin dəyərinin 4 %-i qədər sığorta haqqı müəyyən olunursa, kirayə verilən avtomobillər üzrə bu haqq daha çox olur, 4-7 %, bəzən isə 10-12 %-ə kimi çatır. Bu da narazılıqla qarşılanır”.

“Sığorta şirkətləri avtomobilləri eyni vaxtda həm icbari, həm də könüllü sığorta edirlər. Eyni maşın üçün bunu etmək həm vətəndaş, həm də şirkət üçün daha məqsədəuyğundur. Çünki şirkət üçün sığorta haqqlarından daha çox gəlir əldə edir. Vətəndaşlar üçün də icbari sığortanın qarşı tərəfə dəyən ziyanı, KASKO sığortanın isə onun özünə dəyən ziyanı qarşılaması baxımından faydalı olur", - deyə İ.İbrahimov bildirib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) nümayəndəsi Turanə Axundova "Report"a açıqlamasında sığorta şirkətlərinin KASKO sığortadan imtina etmədiklərini bildirib:

"İcarə məqsədi ilə və ya taksi, eyni zamanda digər növ sərnişindaşıma xidməti ilə məşğul olan nəqliyyat vasitələrinin sahibləri sığortalanmaqla bağlı müraciət etdikdə istifadə etdikləri nəqliyyat vasitələrinin təyinatı ilə bağlı məlumatları sığorta şirkətindən gizlədirlər ki, avtomobillərini daha ucuz qiymətə sığortalasınlar"

Turanə Axundova

Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndəsi

"Əslində ölkədə fəaliyyət göstərən heç bir sığorta şirkəti sığortalı ilə hər hansı növ üzrə müqavilə bağlamaqdan imtina etmir. Sözü gedən KASKO növü üzrə də həmçinin. Məsələ ondan ibarətdir ki, icarə məqsədi ilə və ya taksi, eyni zamanda digər növ sərnişindaşıma xidməti ilə məşğul olan nəqliyyat vasitələrinin risklilik dərəcəsi yüksək olduğu üçün KASKO növü çərçivəsində həmin nəqliyyat vasitələrinin sığortalanma tarifi digər sıravi vətəndaşlara məxsus nəqliyyat vasitələrinə aid olan tarifdən normal olaraq yüksək hesablanır. İcarə məqsədi ilə və ya taksi, eyni zamanda digər növ sərnişindaşıma xidməti ilə məşğul olan nəqliyyat vasitələrinin sahibləri də bu məlumatdan xəbərdar olduqları üçün sığortalanmaqla bağlı müraciət etdikdə istifadə etdikləri nəqliyyat vasitələrinin təyinatı ilə bağlı məlumatları sığorta şirkətindən gizlədirlər ki, avtomobillərini daha ucuz qiymətə, yəni sıravi vətəndaşa məxsus nəqliyyat vasitəsinə aid edilən tariflə sığortalasınlar. Nəticədə sığorta şirkəti sığortalanması üçün müraciət edilən icarə məqsədi ilə və ya taksi, eyni zamanda digər növ sərnişindaşıma xidməti ilə məşğul olan nəqliyyat vasitələrinin təyinatını aşkar etdikdə, həmin nəqliyyat vasitələrinin sahibləri yüksək məbləğ ödəməmək üçün qaydalara uyğun formada sığortalanmaqdan imtina edirlər".

T.Axundovanın sözlərinə görə, KASKO sığorta növü könüllü sığota sinfinə aid olduğu üçün növ üzrə bazara təqdim olunan sığorta məhsulları ilə bağlı tarif və təminatlar sığorta şirkətlərinin daxili strategiyasına və siyasətinə uyğun olaraq müəyyənləşdirilir.

Qeyd edək ki, avtomobil sığortası ayrı-ayrılıqda 3 sığorta növündən ibarətdir: KASKO sığortası (qəza, avtomobilin qaçırılması, oğurluq və s. hadisələr nəticəsində dəyən zərərin ödənilməsi); avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (qəza nəticəsində üçüncü şəxslərin əmlakına, həyatına və səhhətinə vurulmuş zərərin ödənilməsi); bədbəxt hadisələrdən sığorta (qəza nəticəsində avtomobilin sürücüsünə, sərnişinlərin həyatına və səhhətinə vurulan zərərin ödənilməsi).

Son xəbərlər

Orphus sistemi