Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsində gəlirlər və xərclər büdcə qaydası üzrə hədəf göstəricilərinə uyğundur, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsuluna (ÜDM) və dövlət borcunun ÜDM-ə nisbətinin müəyyən edilmiş xətlər daxilində icrası təmin ediləcək.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"İcmal və dövlət büdcələrində yenidən baxılma ilə düzəlişlərin əsas hədəfi ölkəmizin artan gəlirləri hesabına Prezidentin müəyyən etdiyi prioritet dövlət vəzifələrinin və inkişafın gündəliyində duran digər məsələlərin həlli üçün əlavə maliyyə mənbələrinin yaradılmasıdır", - deyə nazir qeyd edib.