“Azərbaycan Ordusunun təchizatı, Azərbaycan sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsinin təmin olunması üçün dövlət büdcəsində müvafiq vəsaitlər nəzərdə tutulub”.
“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib.
Onun sözlərinə görə, bu məqsədlə ümumilikdə 4,6 milyard manat maliyyə təminatı yaradılıb: “Bununla əlaqədar nəzərə alınmamış digər tədbirlərin həyata keçirilməsi üçün müəyyən ehtiyat vəsaitlər də nəzərdə tutulub”.
“Bu vəsaitlərin ayrılması ilə yanaşı, dövlət büdcəsi ilə ölkəmizin ənənəvi dövlət vəzifələrinin, nəzərdə tutulmuş bütün sosial proqramların həyata keçirilməsi və bir sıra təşəbbüslərin icra olunması da nəzərdə tutulub. O cümlədən təhsil kreditlərinin verilməsi üzrə xüsusi bir mexanizmin hazırlanması üçün müəyyən maliyyə təminatı nəzərdə tutulur ki, müvafiq qərar qəbul edildikdən sonra bu mexanizm işə salına bilər”, - deyə nazir qeyd edib.