Sahibkarlığın İnkişafı Fondu sığortaçı seçib
- 30 dekabr, 2021
- 10:29
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu əməkdaşların tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “PAŞA Sığorta” ASC-dir.
Qalib şirkətə 39,7 min manat ödəniləcək.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs Azərbaycan Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılıb.
Fondun başlıca fəaliyyət istiqamətlərinə daxildir:
- Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək;
- Sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;
- Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq;
- Sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək.
Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 11-də imzaladığı fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb.
Fond Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.