“S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi Türkiyənin uzunmüddətli kredit reytinqini "B +" səviyyəsində təsdiqləyib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumatda həmçinin bildirilir ki, kredit reytinqinin proqnozunu isə dəyişdirməyərək “sabit” saxlayıb.
“Koronavirus pandemiyasına rəğmən ötən il Türkiyə iqtisadiyyatı kredit təşviq paketinin təsiri ilə 0,9 % böyüyüb. Bununla da, 2020-ci ildə Türkiyə iqtisadiyyatı böyüyən azsaylı inkişaf etməkdə olan bazar iqtisadiyyatlarından biridir”, - deyə Agentliyin açıqlamasında bildirilir.
Türkiyənin pul siyasətinin 2020-ci ilin sonuna doğru dramatik bir şəkildə dəyişdiyinə diqqət çəkən S&P bildirib ki, son dövrlərdə atılan addımlar davam etsə yüksək inflyasiyanı nəzarət altına almaq mümkün olacaq.
Belə ki, Agentlik bu il Türkiyədə illik inflyasiyanın 12,5 %, 2022-ci ildə 8,7 %, 2023-2024-cü illərdə isə 8 % səviyyəsində olacağını proqnozlaşdırır.