"S&P": "Bu il Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 10 illik maksimumu yeniləyəcək"

Maliyyə
  • 25 iyul, 2022
  • 07:38
S&P: Bu il Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 10 illik maksimumu yeniləyəcək

Bu il Azərbaycanın cari əməliyyatlar hesabının profisiti son 10 ildən artıq müddətin ən yüksək həddinə çatacaq.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.

“2022-ci il üçün "Brent" markalı neftin qiymətinin 102 ABŞ dolları/barel və neft hasilatının orta hesabla sutkada 0,72 milyon barel olacağı (neft yataqları yaşlandıqca illik 2,5 % azalma) proqnozumuza əsaslanaraq, bu il cari əməliyyatlar hesabının profisitinin ÜDM-yə nisbətinin ötən illə müqayisədə 8,4 faiz bəndi artaraq 15,2 %-dən 23,6 %-ə yüksələcək", - agentlik bildirib.

2023-cü ildə cari əməliyyatlar hesabında ÜDM-nin 13,8 %-i, 2024-cü ildə ÜDM-nin 0,7 %-i kəsir, 2025-ci ildə isə 1,4 %-i səviyyəsində kəsir proqnozlaşdırılır.

S&P analitikləri, 2018-ci ildə fəaliyyətə başlayan “Şahdəniz-2” qaz layihəsinin və onun növbəti 3-4 il ərzində daha da genişləndirilməsinin Azərbaycanın xarici göstəricilərini dəstəkləyəcəyini hesab edirlər:

“Ancaq ortamüddətdə neft hasilatındakı durğunluq proqnozlarımızı yumşaldarkən, daxili istehlak bərpa olunduqca və hökumətin Dağlıq Qarabağın bərpası üçün nəzərdə tutulan tədbirləri həyata keçirməsi ilə idxal bərpa olunacaq.

2024-cü ildə neftin qiymətinin 55 ABŞ dolları/barelə qədər düşəcəyi ilə bağlı gözləntimizlə birlikdə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti dörd illik proqnoz üfüqünün sonunda kəsirə çevriləcək.

Bununla belə, Azərbaycanın güclü xarici aktivlər mövqeyi, Dövlət Neft Fondunda toplanmış külli miqdarda xarici aktivləri ölkənin reytinqini dəstəkləyən əsas güc olaraq qalacaq. Hesablamalarımıza görə, 2025-ci ilə qədər xarici likvid aktivlər xarici borcu üstələyəcək.

Azərbaycan potensial ticarət şərtləri dəyişkənliyinə qarşı həssas olaraq qalarkən, böyük xalis xarici aktiv mövqeyinin iqtisadi tsikllərin daxili inkişafa potensial mənfi təsirini azalda biləcək bufer rolunu oynayacağına inanırıq”.

“S&P” bu il Azərbaycanın likvid aktivlərini ÜDM-nin 54,3 %-i (2021-ci illə müqayisədə 15,4 faiz bəndi az), 2023-cü ildə 60,9 %-i, 2024-cü ildə - 68,4 %-i, 2025-ci ildə isə 64,8 %-i səviyyəsində proqnozlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti