Azərbaycanda buraxılan istiqrazların 80 %-dən çoxunun ödəmə müddəti 3 ildən artıq deyil.
"Report" xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl maliyyə" konfransında bildirib.
"Daha bir narahatlıq doğuran məqam pərakəndə investorların sayının az olmasıdır. Bizim təşəbbüslərimizdən biri pərakəndə investorların bazar payını artırmaqdır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, BFB, xüsusilə onun kapital bazarları ilə məşğul olan komandası bazar iştirakçıları, dövlət müəssisələri, iri, orta və kiçik şirkətlərə qədər bütün maraqlı tərəflərlə fəal ünsiyyət qurur: “Biz ilk növbədə istiqraz bazarı haqqında maarifləndirməyə çalışırıq. Bazar iştirakçılarının əsas biliklərini gücləndirməklə, onların bəzilərini "yaşıl istiqraz"ların buraxılışına hazır olmasını təmin etməyi hədəfləyirik. Biz böyük layihələr icra edən iri şirkətlərlə fəal danışıqlar aparır, onlara istiqraz bazarına necə daxil ola biləcəklərini, bu bazarın necə işlədiyini izah edirik. O cümlədən mümkün "yaşıl istiqraz" emitentlərinə müxtəlif bazarlarda tətbiq edilən təcrübələri təqdim etməyə və bu məlumatları Azərbaycan bazarına inteqrasiya etməyə çalışdığımız zaman yerli investorların ehtiyac və tələblərinə uyğun olaraq müəyyən çətinliklər yaranır. Ona görə də yerli investorların ehtiyaclarını və bazar tələblərini təhlil edərək bu boşluqları aradan qaldırmağı hədəfləyirik".