​Rusiya Ehtiyat Fondu 36% azalıb

​Rusiya Ehtiyat Fondu 36% azalıb Milli Rifah Fondu isə rubl ekvivalentində artıb
Maliyyə
2 Fevral , 2016 17:42
​Rusiya Ehtiyat Fondu 36% azalıb

Bakı. 2 fevral. REPORT.AZ/ Rusiya Ehtiyat Fondunun aktivləri 2016-cı il fevralın 1-nə 3,74 trln. rubl təşkil edib və son bir ildə 36,3% azalıb. Dollar ekvivalentində aktivlər 41,5% azalaraq 49,72 mlrd. dollar təşkil edib. "Report"un Rusiya Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Fondun aktivləri 22,71 mlrd. dollar, 20,26 mlrd. avro və 3,44 mlrd. funt sterlinqdən ibarətdir.

Rusiya Milli Rifah Fondunun aktivləri isə son 1 ildə 3,8% artaraq fevralın 1-nə 5,35 trln. rubl təşkil edib. Dollar ekvivalentində isə Fondun aktivləri 3,9% azalaraq 71,15 mlrd. dollara bərabər olub. Hazırda Fondun aktivləri 19,67 mlrd. dollar, 20,76 mlrd. avro və 3,83 mlrd. funt sterlinqdən ibarətdir.

Qeyd edək ki, Ehtiyat Fondu federal büdcə kəsirinin örtülməsi üçün istifadə olunur. Bu il onun 2,36 trln. rubla (30 mlrd. dollar) qədər azalması proqnozlaşdırılır. Xatırladaq ki, Rusiyanın maliyyə naziri Anton Siluanov yanvarın 16-da büdcə xərclərinin optimallaşdırılmayacağı təqdirdə hər iki fondun aktivlərinin tükənə biləcəyi barədə hökuməti xəbərdar edib.

Azərbaycanda isə analoji rolu Dövlət Neft Fondu oynayır və 2015-ci ilin III rübünün yekununda Fondun aktivləri 34,738 mlrd. dollar təşkil edib ki, aktivlərdə 16,544 mlrd. dollar, 11,026 mlrd. avro, 1,134 mlrd. funt sterlinq və bir sıra başqa valyutalar da var. "Report"un analitik qrupu hesab edir ki, 2015-ci ilin yekunu etibarı ilə Fondun aktivləri 30 mlrd. dollara yaxındır. Buna səbəb isə dekabrın 21-də həyata keçirilən ikinci devalvasiya öncəsi və sonrası Fondun valyuta satışı və bir sıra investisiya edilmiş valyuta aktivlərinin dollarla müqayisədə zəifləməsidir.

Son xəbərlər

Orphus sistemi