​Rusiya dövlət büdcəsini qənaət rejiminə keçirir

​Rusiya dövlət büdcəsini qənaət rejiminə keçirir Rusiya yaxın 3 ildə dövlət xərclərini kəskin azaltmaq niyyətindədir
Maliyyə
25 İyun , 2015 18:45
​Rusiya dövlət büdcəsini qənaət rejiminə keçirir

Bakı. 25 iyun. REPORT.AZ/ Rusiya yaxın 3 ildə dövlət büdcəsi xərclərinin azaldılması layihəsi üzərində çalışır. "Report" "Kommersant" qəzetinin yaydığı məlumata əsasən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedevin başçılığı altında keçirilən qapalı büdcə görüşmələrində dövlət xərclərinin kəskin azaldılması nəzərdə tutulub. Belə ki, Rusiya Maliyyə Nazirliyi 2016-cı ildə büdcə xərclərini 510 mlrd. (təqribən 10 mlrd.dollar), 2017-ci ildə 879 mlrd., 2018-ci ildə isə 1 174 mlrd. rubl azaldmağı nəzərdə tutan təkliflər paketini irəli sürüb. Kəsintilərin yarısının Pensiya Fonduna transferlərin azaldılması hesabına baş tutacağı bildirilib. Belə ki, 2016-cı ildə pensiyalar mövcud qanunlara əsasən 11,9% artırılmalı olan halda 5,5%, 2017-ci ildə 7% əvəzinə 4,5%, 2018-ci ildə isə 8,4% yerinə 4% artırılacağı planlaşdırılıb.

Qeyd edək ki, görüşdə Rusiyanın cari iqtisadi inkişaf strategiyasını dəyişməsi fikri də irəli sürülüb. Belə ki, buna qədər büdcə gəlirlərindən asılı vətəndaşların gəlirlərinin artırılması hesabına stimullaşdırılan iqtisadiyyat modelindən dövlət xərclərinin infrastruktur layihələrinə yönəldilərək iqtisadiyyatı dəstəkləmək modelinə keçid nəzərdə tutulub. Bunun üçünsə 2018-ci ildə hərbi xərclərin 26,5% azaldılması, dövlət xərclərinin 8-13% kəsilməsi, dövlət məmurlarının sayının 10% azaldılması və çalışan dövlət məmurlarının gəlirlərinin indeksləşdirilməməsi planı təklif olunub.

Qeyd edək ki, büdcə kəsintilərinin 3 illik müddəti əhatə etməsi ilk öncə neft qiymətlərinin eyni müddətdə artmayacağı mənasını verir. Bununla bərabər, Rusiyada əhalinin real gəlirlərinin bu müddət ərzində önəmli dərəcədə azalması deməkdir. Nəticədə Rusiyadan Azərbaycana azərbaycanlı miqrantların pul transferlərində də əhəmiyyətli azalma görüləcək. Bu da bölgələrdə və paytaxtda əsasən əmlak bazarında öz əksini tapacaq.

Son xəbərlər

Orphus sistemi