Bakı. 9 noyabr. REPORT.AZ/ Azərbaycan milli valyutası - manatın real effektiv məzənnəsi 2017-ci il oktyabr ayının 1-nə 91,5 bənd təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-nə olan analoji göstəricidən 0,7 bənd azdır. Keçən ilin analoji dövrünə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 3,8 bənd artıb.
Real effektiv məzənnənin bir qədər azalmasına səbəb Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutaları - Türkiyə lirəsi, Rusiya rublu və Çin yuanının dollarla müqayisədə sentyabr ayında cüzi möhkəmlənməsi amili göstərilir. Çin, Rusiya və Türkiyədə dolların oktyabr ayında ucuzlaşması isə növbəti aylıq göstəricidə manatın real effektiv məzənnəsini artıracaq.
Xatırladaq ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə (74,2 bənd), maksimum səviyyəsi 2015-ci il fevralın 1-nə (153,1 bənd) qeydə alınıb. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-nə (87 bənd) olub.
Qeyd edək ki, real effektiv məzənnə manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni, milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.
"Report"un analitik qrupu hesab edir ki, manatın real effektiv məzənnəsi üçün 85-90 bənd diapazonu qənaətbəxş səviyyədir. Oktyabr ayında real effektiv məzənnədə ciddi artım olacağı proqnozlaşdırılır və bu ilin sonuna qədər real effektiv məzənnədə artımın davam edəcəyi gözlənilir.