“Rabitəbank” səhmdarlarına dividend, üst rəhbərliyinə bonus ödəyəcək

Maliyyə
  • 24 yanvar, 2024
  • 04:55
“Rabitəbank” səhmdarlarına dividend, üst rəhbərliyinə bonus ödəyəcək

Martın 12-də, saat 17:00-da “Rabitəbank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Rabitəbank"ın 2023-cü maliyyə ili üzrə balans və mənfəət-zərər hesabatlarının təsdiq edilməsi, Bankın Audit Komitəsinin illik hesabatının təsdiq olunması, eləcə də yaradılması və tərkibinin təsdiqlənməsinə aid qərarvermə səlahiyyəti Müşahidə Şurasına həvalə edilmiş idarəetmə orqanları istisna olmaqla, digər idarəetmə orqanlarının tərkibinin və əsasnamələrinin yeni redaksiyada təsdiq edilmiş “Banklarda Korporativ İdarəetmə Standartları”nın tələblərinə uyğun olaraq təsdiq edilməsi, səhmdarlara dividend, üst rəhbər heyətə bonus ödənilməsi, eləcə də təşkilati və cari məsələlər daxildir.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 20,13 %-i Validə Abbasovaya, 14,51 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 14,45 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri),9,11 %-i Dilarə Nuriyevaya, 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

44 - Tezliklə