“Rabitəbank”ın səhmdarlarının yığıncağı keçiriləcək
- 10 yanvar, 2025
- 05:11
Fevralın 10-da, saat 17:00-da “Rabitəbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Rabitəbank"ın 2024-cü il üzrə balans və mənfəət-zərər hesabatlarının, Bankın Audit Komitəsinin hesabatının təsdiq edilməsi, kredit təşkilatınının səhmdarlarına dividend, Müşahidə Şurasının üzvlərinə mükafat ödənilməsi, eləcə də təşkilati və cari məsələlər daxildir.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 20,13 %-i Validə Abbasovaya, 14,51 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 14,45 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri),9,11 %-i Dilarə Nuriyevaya, 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.