"Rabitəbank"ın mənfəəti 91 % artıb
- 21 oktyabr, 2022
- 10:13
Yeniliklərdən dərhal xəbərdar olun!
"Rabitəbank" ASC bu ilin yanvar-sentyabr aylarını 12,676 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 91,3 % çoxdur.
9 ay ərzində "Rabitəbank"ın gəlirləri 84,125 milyon manat (illik müqayisədə 39,4 % çox), xərcləri 68,617 milyon manat (56 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 2,833 milyon manat (71 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə "Rabitəbank"ın aktivləri 892,157 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,6 % azdır. Bunun 564,484 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 32 % böyüyüb.
Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 2,9 % azalaraq 779,083 milyon manata, o cümlədən depozit portfeli 11 % azalaraq 553,235 milyon manata düşüb, balans kapitalı isə 8,6 % artaraq 113,074 milyon manata çatıb.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 20,13 %-i Validə Abbasovaya, 14,45 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 14,51 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 9,11 %-i Dilarə Nuriyevaya, 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.