Qlobal iqtisadi çətinliklər: Dünya ölkələrini hansı aqibət gözləyir?

Qlobal iqtisadi çətinliklər: Dünya ölkələrini hansı aqibət gözləyir? Gözlənilməz zamanda pandemiya təhlükəsinin ortaya çıxması dünya iqtisadiyyatını adət edilməmiş vəziyyətlərlə üz-üzə qoydu.
Maliyyə
18 Avqust , 2020 09:37
Qlobal iqtisadi çətinliklər: Dünya ölkələrini hansı aqibət gözləyir?

Gözlənilməz zamanda pandemiya təhlükəsinin ortaya çıxması dünya iqtisadiyyatını adət edilməmiş vəziyyətlərlə üz-üzə qoydu. Beynəlxalq ticari əlaqələr dayandı, logistika fəaliyyətlərində məhdudiyyətlər meydana çıxdı, demək olar bütün ölkələrdə turizm sektoru çöküş dövrünə qədəm qoydu, hava, quru və dəniz yollarının bağlanması biznes əlaqələrini qopmuş vəziyyətə gətirdi. Məhz 2020-ci ilin fevralından sonra meydana çıxan bu tip zəncirvari iqtisadi problemləri sadalamaqla bitməz. Dünyada yaşanan iqtisadi böhranı modern iqtisadiyyatın aparıcı simalarından olan Böyük Britaniya üzərindən xarakterizə etsək, pandemiyanın ölkələrdə ümumi daxili məhsulun artımına necə zərbə vurduğunu görə bilərik. Böyük Britaniyada bu  ilin birinci rübündəki ÜDM həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,2 faiz az oldu. Bununla da ölkə üzrə ÜDM-nin 1979-cu ildən etibarən ən böyük geriləməsi qeydə alındı.

Bəs görəsən dünya ölkələri bundan sonra hansı iqtisadi nəticələrlə qarşılaşa bilərlər?

Məsələ ilə bağlı “Report”a açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, pandemiya nəticəsində dünya ölkələrində iqtisadi tənəzzül davam edə bilər:

 Pərviz Heydərov
Pərviz Heydərov

“Dünya iqtisadiyyatında qeyri-müəyyənlik davam edir. Nə qədər ki, bu davam edəcək və post-pandemiya dövrü tam şəkildə özünü göstərməyəcək, Böyük Britaniya kimi yüksək inkişaf etmiş ölkələrin iqtisadiyyatında tənəzzül labüd olacaq. Qlobal iqtisadiyyat elə quruluşa malikdir ki, bütün ölkələr bir-biri ilə zəncirvari əlaqədədir. Böyük Britaniyadakı iqtisadi resessiya tək pandemiyadan yaranan çətinliklərlə bağlı deyil. Böyük Britaniya “Brexit” məsələsi ilə bağlı iqtisadi bir geriliklə üzləşmək reallığı qarşısında idi. Bu vaxt yenidən böyük bir pandemiya bəlasının yetişməsi və onunla bağlı iqtisadiyyatın bütövlükdə çökməsi iki istiqamətli şəkildə Böyük Britaniyanı resessiyaya sürüklədi.

ABŞ kimi ölkə 2008-2009-cu illərdəki iqtisadi böhrandan çıxandan sonra ardıcıl olaraq hər il iqtisadi yüksəliş nümayiş etdirirdi. Federal Ehtiyat Sistemi (FED) ildə azı iki-üç dəfə dolların məzənnəsini möhkəmlədir, yəni uçot dərəcəsini qaldırırdı. 2018-ci ilin ikinci yarısından ABŞ-ın iqtisadi yüksəlişinin tədricən zəifləməsi özünü göstərdi. Xatırladım ki, FED bir neçə il ardıcıl uçot dərəcəsini qaldırmaqla məşğul idisə, xüsusən keçən ildən başlayaraq həmin siyasəti dəyişdi. Bu dövrdə 2020-ci ildə pandemiyanın ortaya çıxacağı, dünya iqtisadiyyatının böhranla üzləşəcəyi ağla belə gəlmirdi. Bütün bunlar, xüsusən də pandemiya ilə əlaqədar qlobal iqtisadiyyatın çökməsi nəticəsində ABŞ, Böyük Britaniya, Almaniya və digər aparıcı ölkələrində iqtisadi tənəzzül qeydə alınır. Acınacaqlı cəhət odur ki, bu ölkələrin heç birində hökumət vəziyyətin nə qədər davam edəcəyini proqnoz edə bilmir. Pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı qeyri-müəyyənliyin davam etməsi dünya ölkələrində iqtisadi tənəzzülü davamlı edəcək”.

Ekspert qeyd edib ki, qlobal iqtisadiyyatın aparıcı qüvvələrinin iqtisadi tənəzzül dalğası nisbətən zəif ölkələrə dəyəcək:

“Qlobal iqtisadi çöküş davam edərsə, bunun ən ağır nəticələrini inkişaf etməkdə olan ölkələr çəkəcək. İnkişaf etmiş ölkələrin də zərər çəkməsi özünü ən çox strateji məhsulların, xüsusən neftin qiymətinin enməsi ilə göstərə bilər. Burda müsbət faktor odur ki, neftin qiyməti OPEC + ölkələrinin aprelin əvvəlindəki məlum görüşdə əldə etdikləri razılaşmadan sonra stabilləşib. Aprelin əvvəlində neftin qiyməti 20 ABŞ dollara qədər düşmüşdü. OPEC + ölkələri aprelin əvvəlində təcili olaraq toplanmasa və Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı qarşıdurma aradan götürlməsə və neftin qiyməti may və iyun aylarında da 20 ABŞ dolları səviyyəsində qalsa idi, biz bu gün Azərbaycan da daxil olmaqla inkişaf etməkdə olan ölkələrin real vəziyyətini bundan da ağır görərdik. Həmin razılaşma neftin qiymətində stabillik yaratdı və bu gün də bu stabillik davam edir. Bu stabillik davam edərsə, yəni neftin qiyməti 40 ABŞ dollardan yuxarı səviyyədə qalarsa, inkişaf etməkdə olan ölkələrin qlobal iqtisadiyyatdan gələn qeyri-müəyyən vəziyyətdən nisbətən az zərər çəkməsinə zəmin yaradar. Əgər OPEC + ölkələrinin arasında yenidən hər hansı bir konflikt çıxmasa, vəziyyət bu cür də qalacaq. Amma qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik, Böyük Britaniya, Almaniya, ABŞ, Yaponiya, Çin kimi ölkələrdə resessiya meyllərinin hələ də qalmasına şərait yaradacaq”.

Son xəbərlər

Orphus sistemi