Bakı. 30 avqust. REPORT.AZ/ 2015-ci ilin yekununda bütün dünyada həyat sığortasından yığımlar və pensiyaya ayırmaların ümumi həcmi 2,52 trln. ABŞ dolları təşkil edib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, 2011-ci ildən sonra bu qlobal bazarda orta hesabla 4,3% illik artım olub. Həyat sığortasındakı artımın real tempi isə 2,7% təşkil edib.
Ötən il bazarın təxminən 21%-i və yaxud 540 mlrd. dollarlıq hissəsi ABŞ-ın payına düşüb. Sonrakı yerdə 322,3 mlrd. dollarlıq (təxminən 13%) göstərici ilə Yaponiya, 3-cü yerdə isə 254,6 mlrd. dollarlıq (təxminən 10%) göstərici ilə Çin qərarlaşıb.
Qeyd edək ki, 2011-2015-ci illərdə həyat sığortası bazarında ən yüksək artım Rusiyada qeydə alınıb - 38,1%. Artımın tempinə görə sonrakı yerləri Argentina (23,4%) və Vyetnam (21,9%) tutub.