Qızıl cüzi ucuzlaşaraq unsiyası 2000 ABŞ dollarından aşağı düşüb. Bazar iştirakçıları Rusiya və Ukrayna ətrafında cərəyan edən hadisələri izləməkdədir.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,4%, yaxud 8,1 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 992,3 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,48% düşərək, 1 unsiyası 26,13 ABŞ dolları təşkil edib.
Həftənin əvvəli əsasən bahalaşmaqda olan qızılın qiyməti iki gün ərzində ümumilikdə 3,9% artıb. Etibarlı aktiv hesab olunan bu qiymətli metal geosiyasi risklərin artması fonunda bahalaşıb. Sonradan treyderlər tədricən risklərə qayıtsalar da ehtiyatı əldən verməməyə çalışırlar.