Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydaları təsdiq edib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydaları təsdiq edib Qiymətli kağızların dövlət reyestrinin aparılması qaydaları təsdiqlənib
Maliyyə
15 Fevral , 2016 14:45
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydaları təsdiq edib

Bakı. 15 fevral. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, bu sənəd qiymətli kağızların emitentləri tərəfindən idarəetmə hesabatlarının hazırlanması, təqdim olunması və açıqlanması qaydalarını müəyyən edir. 

Bununla yanaşı, “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu qaydalar investisiya şirkəti tərəfindən investisiya xidmətlərinə (əməliyyatlarına), müştəri sifarişlərinə, onların icrası və ya dayandırılmasına, müştərilərə hesabatların təqdim edilməsinə və investisiya şirkəti tərəfindən öz fəaliyyəti ilə bağlı həyata keçirilən əməliyyatların uçotunun aparılmasına dair tələbləri müəyyən edir.

Eyni zamanda, “Qiymətli kağızların dövlət reyestrinin aparılması Qaydası” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu sənəd isə qiymətli kağızların dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.

Bundan başqa, “İnvestisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı və yerləşdirilməsi Qaydası” təsdiqlənərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Sənəd Azərbaycan emitentlərinin investisiya qiymətli kağızları və ya digər şəxs tərəfindən onların aktivləri ilə təmin olunmuş investisiya qiymətli kağızlarının Azərbaycandan kənarda buraxılışı və yerləşdirilməsi qaydalarını tənzimləyir.

Qeyd edək ki, artıq qüvvəyə minən “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası"na əsasən, qiymətli kağızların girovunun QKDK-da dövlət qeydiyyatının aparılması tələbi ləğv olunub və qiymətli kağızların girovunun qeydiyyatı Milli Depozit Mərkəzinə həvalə olunub.

Son xəbərlər

Orphus sistemi