Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycan, Gürcüstan və Ermənistan arasında sərhədlərarası layihələrin həyata keçirilməsinə dəstək göstərmək istəyir.
Bu barədə "Report"a açıqlamasında Rusiya-Ukrayna münaqişəsi səbəbindən yaranan gərginliyə görə Azərbaycan və digər Cənubi Qafqaz ölkələrinə bank tərəfindən dəstək göstərilməsinin nəzərdən keçirildiyi ilə bağlı suala cavab olaraq QDTİB-in baş katibi Aristotelis Spiliots bildirib.
"Azərbaycan, Gürcüstan, Ermənistan banka üzv olan ölkələrdir. Biz investisiya yatırmağa və müvafiq layihələr tapmağa çalışacağıq. Biz həmçinin bu ölkələr arasında sərhədlərarası layihələrin həyata keçirilməsinə kömək etməyə çalışacağıq. Hazırda Ukrayna və Rusiyada vəziyyət gərgindir. Biz bilmirik ki, vəziyyət nə zaman yaxşılaşmağa doğru gedəcək", - deyə A.Spiliots qeyd edib.
Onun sözlərinə görə, QDTİB-ə üzv olan ölkələrə dəstəyi həmin ölkələrdəki vəziyyətdən aslıdır:
"Azərbaycanda bizim xüsusi dəstək göstərdiyimiz bir sektorumuz yoxdur. Biz müxtəlif sektorlara investisiya yatıra bilərik. Bununla yanaşı, biz çalışırıq qeyri-neft sahəsində olan layihələrə dəstək göstərək. Çünki, hesab edirik ki, neft sektorunda kifayət qədər vəsait var və bu sahənin bizə ehtiyacı yoxdur. Hesab edirik ki, biz ölkənin diversifikasiya istiqamətində əsas prioritetlərinə dəstək göstərə bilərik. Bununla bağlı, elə iyunun 24-də Bakıda Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında biznes-forum keçirilib. Forumun əsas məqsədi Azərbaycan kimi zəngin mənbələrə malik ölkələrin iqtisadiyyatlarının diversifikasiyasını təşviq etmək idi".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.