"PSG-Kapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti 29 % artıb
- 05 may, 2022
- 05:19
“PSG-Kapital İnvestisiya Şirkəti” QSC 2021-ci ili 1,718 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 29% çoxdur.
Ötən il “PSG-Kapital”ın vergiyəqədərki mənfəəti 2,137 milyon manat (əvvəlki illə müqayisədə 28,2% çox), mənfəət vergisi ödəmələri isə 419 min manat (24,7% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “PSG-Kapital”ın aktivləri 45,73 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 87,5 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 2,2 dəfə artaraq 35,973 milyon manata, balans kapitalı isə 19,8% artaraq 9,757 milyon manata çatıb.
Xatırladaq ki, “PSG-Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur ("PSG Finans" MMC bank olmayan kredit təşkilatının 12,5%-lik təsisçisi). İnvestisiya şirkəti Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının market-meykeridir.