"PSG-Kapital İnvestisiya Şirkəti"nin xalis mənfəəti 2 dəfə azalıb
- 16 may, 2023
- 08:09
Yeniliklərdən dərhal xəbərdar olun!
“PSG-Kapital İnvestisiya Şirkəti” QSC 2022-ci ili 863 min manat xalis mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 49,8 % və yaxud 2 dəfə azdır.
Ötən il “PSG-Kapital”ın vergiyəqədərki mənfəəti 1,088 milyon manat (əvvəlki illə müqayisədə 49,1 % az), mənfəət vergisi ödəmələri isə 225 min manat (46,3 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “PSG-Kapital”ın aktivləri 26,346 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 42,4 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 52,5 % azalaraq 17,074 milyon manata, balans kapitalı isə 5 % azalaraq 9,273 milyon manata düşüb.
Xatırladaq ki, “PSG-Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur ("PSG Finans" MMC bank olmayan kredit təşkilatının 12,5%-lik təsisçisi). İnvestisiya şirkəti Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının market-meykeridir.