Bakı. 29 avqust. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) Üzvlük Komissiyasının qərarı ilə bu gündən etibarən “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-nin BFB-də üzvlüyü bərpa olunub.
"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, Şirkət fəaliyyətini “Qiymətli kağızlar bazarı haqqında” qanuna və BFB-nin “Üzvlük qaydaları”na uyğunlaşdırdığı üçün bu, qərara alınıb.
Üzvlüyün bərpası ilə əlaqədar olaraq, BFB tərəfindən şirkət rəhbərinə yenilənmiş üzvlük şəhadətnaməsi təqdim ediib.
Qeyd edək ki, “PSG-Kapital” QSC Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 1 avqust 2016-cı il tarixində verilmiş investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malikdir. Hazırda BFB-nin “PSG-Kapital” QSC də daxil olmaqla 6 aktiv üzvü var.
Xatırladaq ki, "PSG-Kapital" investisiya şirkəti 2012-ci ildən fəaliyyət göstərən "PSG Broker" MMC-nin bazasında, bu il yaradılıb. Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna əsasən, Şirkətə broker və diler fəaliyyəti, aktivlərin idarə edilməsi ilə məşğul olmaq üçün verilmiş lisenziyaların müddəti ötən ilin sonunda bitib.
Bundan sonra "PSG Broker" təşkilati-hüquqi formasını və adını dəyişərək "PSG Broker İnvestisiya Şirkəti"nə çevrilib. Daha sonra bu ad "PSG-Kapital İnvestisiya Şirkəti" adı ilə əvəz olunub.