Prezidentin bugünkü sərəncamları: əhalinin sosial rifahının qorunması davam etdirilir

Prezidentin bugünkü sərəncamları: əhalinin sosial rifahının qorunması davam etdirilir Azərbaycan hökuməti gələn ildən ölkədə maaş, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin artırılması ilə bağl vədinə əməl etməyə başlayıb.
Maliyyə
17 Dekabr , 2021 18:26
Prezidentin bugünkü sərəncamları: əhalinin sosial rifahının qorunması davam etdirilir

Azərbaycan hökuməti gələn ildən ölkədə maaş, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin artırılması ilə bağlı vədinə əməl etməyə başlayıb.

Prezident İlham Əliyevin bu gün imzaladığı bir neçə sərəncamla 2022-ci il yanvarın 1-dən ölkədə minimum əmək haqqı 50 manat və yaxud 20% artırılaraq, 250 manatdan 300 manata çatdırılıb, eləcə də dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarına 20-40% əlavələr olunub.

Sərəncamlardan ikisi 165 min təhsil işçisini əhatə edəcək. Həmin sərəncamlarla dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40% artırılır. Həmçinin dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır. Bu artımların edilməsi məqsədilə büdcədə 273 milyon manat əlavə vəsait nəzərdə tutulub.

Gələn ilin yeni sosial paketinin tərkib hissəsi olan digər sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin maaşları orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır.

800 min nəfəri əhatə edən sərəncama əsasən isə dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları artacaq. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək.

Gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43% üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki 26,5%-dən 2019-cu ildə 33,3%-ə, 2020-ci ildə 38%-ə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41% səviyyəsinə yüksələcək.

Azərbaycanda əhalinin sosial rifahının qorunmasını həmişə prioritetləri sırasında saxlayan hökumət gələn il bütün məqsədlərlə büdcədən 1,441 milyard manat xərcləyəcək. Nəzərdə tutulan artımlar 1 milyon şəxsi əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi