“Petkim” 500 milyon dollarlıq avrobondlarını geri alıb
- 02 mart, 2023
- 10:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan "SOCAR Türkiyə"nin qrup şirkətlərindən olan “Petkim Petrokimya Holding” 2022-ci ildə likvidliyini artıraraq bu ilin yanvarında tədavül müddəti başa çatmış 500 milyon ABŞ dolları dəyərində avrobondları daxili imkanları hesabına geri alıb.
Bu barədə “Report” Türkiyənin Kamu Aydınlatma Platformasına istinadən xəbər verir.
Bildirilir ki, eyni zamanda şirkət xaricdən 300 milyon ABŞ dolları məbləğində uzunmüddətli borc cəlb edib.
Beləliklə, 2023-cü ildə avrobond ödəməsini uğurla həyata keçirərkən, şirkətin uzunmüddətli borcları 200 milyon ABŞ dolları azalmış olub.
Xatırladaq ki, SOCAR-ın Türkiyədəki ən böyük aktivlərindən olan “Petkim” Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi olmaqla yanaşı, həm də yerli sənaye sahələrinin ən mühüm xammal tədarükçülərindən biridir. 15 əsas zavod və 6 köməkçi emal müəssisəsindən ibarət kompleks ildə 3,6 milyon tonluq istehsal gücünə malikdir.
İstehsal portfelində 60-dək neft-kimya məhsulu olan “Petkim” plastik, kimya, qablaşdırma, boru, boya, tikinti, kənd təsərrüfatı, avtomobil, elektrik, elektronika, toxuculuq, dərman və tibb ləvazimatları, yuyucu vasitələr, kosmetika kimi sahələri xammal ilə təmin edir. Şirkətin hədəfi yüksək keyfiyyətli neft-kimya məhsulları ilə ölkə iqtisadiyyatını daha da gücləndirmək, təkcə daxildə deyil, beynəlxalq bazarlarda da etibarlı, məsuliyyətli tədarükçü və tərəfdaş kimi lider bir markaya sahib olmaqdır.