“PAŞA Yatırım Bankası” Azərbaycanda istiqraz yerləşdirəcək

Maliyyə
  • 13 may, 2024
  • 08:07
“PAŞA Yatırım Bankası” Azərbaycanda istiqraz yerləşdirəcək

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” "Bakı Fond Birjası" QSC-də (BFB) 25 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 25 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək, 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 6,19 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin əsas anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, digər anderrayterlər isə “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (25 milyon manat). Bankın səhmlərinin 71,75 %-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 28,21 %-i “PAŞA Bank”a, 0,04 %-i isə “Aksoy Holdinq”ə məxsusdur.