“PAŞA Yatırım Bankası” Azərbaycan bazarında 25 mln. dollarlıq istiqraz yerləşdirib

“PAŞA Yatırım Bankası” Azərbaycan bazarında 25 mln. dollarlıq istiqraz yerləşdirib Bakı. 26 sentyabr. REPORT.AZ/ “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” Azərbaycanın qiymətli kağızlar bazarında istiqrazları...
Maliyyə
26 Sentyabr , 2017 09:26
“PAŞA Yatırım Bankası” Azərbaycan bazarında 25 mln. dollarlıq istiqraz yerləşdirib

Bakı. 26 sentyabr. REPORT.AZ/ “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” Azərbaycanın qiymətli kağızlar bazarında istiqrazlarını yerləşdirib.

Bu barədə “Report”a “PAŞA Bank”dan bildirilib.

Məlumatda deyilir ki, bu, yerli kapital bazarının tarıxində ilk emissiya halıdır ki, digər ölkədə qeydiyyatdan keçmiş və orada fəaliyyət göstərən təşkilat Azərbaycanda vəsait cəlb edir.

“İstiqrazların ABŞ dollarında denominasiya olunması və emitentin xarici qurum olması bu emissiyanı Azərbaycanda ilk avrobond emissiyası kimi səciyyələndirir. Bu istiqrazların yerləşdirilməsi zamanı anderrayter olaraq “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edib.

İstiqrazlarının yerləşdirilməsini şərh edən “PAŞA Bank”ın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, bu emissiya ilə rəhbərlik etdiyi bank ölkənin qiymətli kağızlar bazarının inkişafına xidmət edən növbəti uğurlu bir təşəbbüsə imza atıb.

“Bu və digər oxşar təşəbbüslərimizi diqqət mərkəzində saxlayan beynəlxalq maliyyə ekspertləri “PAŞA Bank” tərəfindən ölkənin qiymətli kağızlar bazarında həyata keçirdiyi layihələrini, o cümlədən korporativ istiqraz buraxılışını, market-meyker xidmətlərinin göstərilməsini yüksək qiymətləndirərək Bankımızı dəfələrlə nüfuzlu mükafatlara layiq görüblər. Sevindirici haldır ki, bu növ fəaliyyətlərin davamı olaraq həyata keçirilmiş “PAŞA Yatırım Bankası”nın istiqrazlarının Azərbaycan bazarında yerləşdirilməsi uğurla başa çatdırılıb. Ümid edirik ki, gələcək nailiyyətlərimiz də ümumilikdə Azərbaycan iqtisadiyyatının, eyni zamanda müştərilərimizin və tərəfdaşlarımızın inkişafına əhəmiyyətli töhfə verəcək”, - T.Kazımov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, emissiyasının parametrləri aşağıdakı kimidir:

Ümumi həcm: 25 mln. ABŞ dolları

Tədavül müddəti: 5 il 3 ay

Kupon faizi: 4,85%

Kupon ödənişi: Rübdə bir dəfə

“PAŞA Bank” Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətləri, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir. Baş ofis və 6 biznes mərkəzi ilə təmsil olunan “PAŞA Bank”da 450-dən çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunub, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb. 2014-2015 illərdə “EMEA Finance” “PAŞA Bank”ı “Azərbaycanın Ən Yaxşı Bankı” adlandırıb. 2016-ci ildə Bank "“World Finance” jurnalı tərəfindən “Ən Yaxşı Bank Qrupu” və “Ən yaxşı Kommersiya Bankı”, Global Finance jurnalı tərəfindən isə “Ən yaxşı bank” mükafatları ilə təltif olunub.

“PAŞA Bank” Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan “PAŞA Şirkətlər Qrupu”nun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan “Kapital Bank” ASC də “PAŞA Şirkətlər Qrupu”na daxildir. 

Son xəbərlər

Orphus sistemi